CƏMİYYƏT
Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert Ulu Öndərin adını daşıyan parkın Amfiteatr səhnəsində Heydər Əliyev adına Hərbi İnstitutun orkestri və tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil olunub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları, şəhid ailələri, qazilər və digərləri iştirak ediblər.
Konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında Ümummilli Lider Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar səsləndirilib.
Sonda təşkil olunan atəşfəşanlıq səmanı al-əlvan rəngə boyayıb.